Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev Prezident seçildiyi ilk günlərdən bütün dünya dövlətləri tərəfindən görkəmli, müasir, öz sözünü deyə bilən dövlət xadimi, peşəkar siyasətçi kimi qəbul edildi. İlham Əliyev müstəqil Azərbaycanın prezidenti olması ilə yanaşı həm də dünya azərbaycanlılarının lideri oldu. O, qloballaşma və inteqrasiya proseslərində, iştirak etdiyi bütün beynəlxalq görüşlərdə, apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə etdi. Ölkə başçısı hər zaman müharibənin sülh yolu ilə həll olunması üçün danışıqlar apardı, ancaq bu danışıqların heç bir əhəmiyyəti olmadı. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Qüdrətli Ordusu 44 gün ərzində 30 illik işğala son qoydu. 27 sentyabr 2020-ci ildə düşmən təxribatına qarşı aparılan antiterror əməliyyatı nəticəsində bir-birinin ardınca çoxlu sayda şəhər və kəndlərimizin işğaldan azad olunması “Dəmir Yumruq" əməliyyatının Şanlı Qələbəsinin tez bir zamanda Böyük Qələbə ilə başa çatacağından xəbər verirdi. Azərbaycanın üçrəngli bayrağının Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Füzulidə, Qubadlıda, Cəbrayılda dalğalandığı gün hər bir azərbaycanlı vətəndaşı inanırdı ki, Şanlı bayrağımız tezliklə Xankəndində, Xocalıda və digər ərazilərimizdə də dalğalanacaq. Bu inam Ali Baş Komandanımıza və Müzəffər Ordumuza olan inam və güvəndən irəli gəlirdi.Bu ilin sentyabr ayında düşmənin yenidən təxribat törətməsi nəticəsində ordumuz lokal xarakterli antiterror əməliyyatı keçirərək 23 saat ərzində işğal altında olan digər ərazilərimizi Xankəndi şəhərini, Xocalını, Ağdərəni, Xocavəndi və çoxlu sayda qəsəbələrimizi işğaldan azad etdilər. Oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağını ucaldaraq, oradan çıxış etmiş və xalqımızı Tarixi Qələbə münasibətilə təbrik etmişdir. Xankəndi şəhərində Azərbaycanın bayrağının qaldırılmasının tarixi bir gün olduğunu nəzərə çatdırmışdır. Ölkə başçısı qeyd etmişdir ki, 20 il bundan əvvəl Azərbaycan xalqı mənə etimad göstərib prezident seçərkən, qarşıma qoyduğum vəzifə Azərbaycan bayrağının bütün işğal altında olan şəhər, rayon və kəndlərdə qaldırılması olmuşdur. Ölkə başçısı İlham Əliyev Prezident seçildiyinin 20-ci ildönümü günündə Xankəndi şəhəri ilə yanaşı Xocavənd şəhərində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Ağdərə şəhərində, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltmışdır. Daha sonra Şuşa şəhərinin işğaldan yeni azad olunmuş Malıbəyli kəndində və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olmuşdur.Ali Baş Komandan İlham Əliyev 20 illik Prezidentliyi dövründə güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat yaratmağı ilə yanaşı bütün işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə nail olaraq Azərbaycan tarixində ən böyük Qələbəyə imza atmış şəxsiyyətə çevrildi. Allah öz canları-qanları bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa edən bütün şəhidlərimizə rəhmət eləsin və yaralı qazilarimizə şəfa versin. Allah Ali Baş Komandanımıza və vətənimizin keşiyində duran əsgərlərimizə can sağlığı və qüvvət versin.
Rafiq Quliyev,
Xocalı rayon sakini